Əsas səhifə » Sudanda hərbi təyyarə qəzaya uğrayıb

Sudanda hərbi təyyarə qəzaya uğrayıb

BAKI, AzerVoice

Sudan ordusuna məxsus Antonov tipli nəqliyyat təyyarəsi dünən Xartumun şimalındakı Omdurmanda qəzaya uğrayıb. Hərbi mənbələr qəzanın “texniki xəta” səbəbindən baş verdiyini bildiriblər.

AzerVoice istinadən xəbər verir ki , hadisə nəticəsində bəzi zabitlərin və mülki şəxslərin həyatını itirdiyi təsdiqlənib.

Təyyarə Omdurmandakı Vadi Sidna aviabazasının yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı güclü partlayış səsi eşidilib, yaxınlıqdakı evlərə və elektrik xətlərinə ziyan dəyib.
Tibbi mənbələr Omdurmandakı Əl-Nu Xəstəxanasına ən azı 10 nəfərin cəsədinin gətirildiyini bildiriblər. Şahidlər təyyarənin cənub istiqamətində uçarkən qəfil idarəetməni itirdiyini bildiriblər.

Qəza Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında intensiv döyüşlərin getdiyi bir dövrə təsadüf edir.

Qeyd edək ki, HDK bir gün əvvəl Sudan ordusuna məxsus başqa bir hərbi təyyarəni vurduğunu açıqlamışdı. Bazar ertəsi HDK Cənubi Darfur əyalətinin Nyala şəhərində bir “İlyuşin” hərbi təyyarəsini vurduğunu və onun ekipajı ilə birlikdə yandığını bəyan etmişdi.

2023-cü ilin aprel ayından bəri davam edən müharibə on minlərlə insanın həyatına son qoyub və 12 milyondan çox insanı evlərindən didərgin salıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudandakı müharibəni müasir tarixin ən dəhşətli humanitar böhranlarından biri hesab edir.

Digər Kateqoriyalar

2025 © Azervoice