Bakı,AzerVoice
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom
Ghebreyesus, Sudanda iki ilə yaxındır davam edən silahlı
münaqişənin ölkəni ağır humanitar böhranla üz-üzə qoyduğunu
bildirib.
AzerVoice xəbər verir ki, Ghebreyesus, X sosial media platformasında verdiyi açıqlamada, Birləşmiş Millətlər Təşkilatının (BMT) və tərəfdaşlarının Sudanda təxminən 26 milyon insana yardım etmək məqsədilə 6 milyard dollarlıq kampaniya başladığını xatırladıb.
ÜST rəhbəri, Sudanda səhiyyə ehtiyaclarının hələ də böyük olduğunu vurğulayaraq, donor ölkələri 9,4 milyon sudanlı üçün 262,3 milyon dollarlıq səhiyyə yardımı tələbinə dəstək verməyə çağırıb.
Xatırladaq ki, Sudanda 2023-cü ilin aprelindən etibarən ordu ilə keçmiş müttəfiqi olan Çevik Dəstək Qüvvələri (RSF) arasında silahlı qarşıdurmalar davam edir. Hərbi islahatlar və qüvvələrin inteqrasiyası ilə bağlı fikir ayrılıqları səbəbindən başlayan münaqişəni dayandırmaq üçün edilən bütün diplomatik səylər uğursuz olub.
BMT-nin məlumatına görə, indiyə kimi 20 mindən çox insan həyatını itirib, 3,5 milyondan çox insan ölkəni tərk edib, 9 milyona yaxın insan ölkə daxilində məcburi köçkün olub, 25 milyondan çox insan isə humanitar yardıma möhtacdır.