BAKI, AzerVoice, Orxan Qədirzadə
Azərbaycanda ilk dəfə olaraq Hindistan hökumətinin etnik azlıqlara qarşı siyasətinin beynəlxalq müstəvidə müzakirəsinə həsr olunan genişmiqyaslı tədbir təşkil edilib.
AzerVoice xəbər verir ki, 16 yanvar 2026-cı ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora, digər rəsmi şəxslər, siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin alimləri, həmçinin Hindistan hökumətinin repressiv və irqçi siyasətinin birbaşa qurbanları iştirak ediblər.
Konfrans çərçivəsində 1984-cü ildə Hindistan hökuməti tərəfindən həyata keçirilmiş “Mavi Ulduz əməliyyatı” zamanı həlak olmuş siqhlərin xatirəsinə həsr edilən sərgi təşkil olunub. Sərgidə siqh xalqının inancında müqəddəs hesab edilən əşyalar nümayiş etdirilib. Daha sonra 2023-cü ildə Kanadada terror aktı nəticəsində qətlə yetirilmiş Hardip Singh Nijjar və Xalistan hərəkatının digər üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxış edərək bildirib ki, BTQ müasir dövrdə müstəmləkəçilik və neokolonial siyasətlərdən zərər çəkən xalqlara davamlı dəstək göstərir və onların pozulmuş hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi istiqamətində fəal fəaliyyət aparır. Tədbirdə təşkilatın beynəlxalq arenada qazandığı uğurları əks etdirən videoçarx nümayiş etdirilib.
Konfrans zamanı BTQ tərəfindən hazırlanmış Hindistan hökumətinin siqhlərə qarşı törətdiyi hüquq pozuntuları və cinayətlərə, eləcə də digər etnik azlıqlara qarşı sistemli ayrı-seçkiliyə həsr olunmuş qısametrajlı film iştirakçılara təqdim edilib.
Müzakirələr çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən siqh icmasının nümayəndələri “Siqhlərə qarşı ayrı-seçkiliyin mənşəyi və siqh diasporunun azadlıq uğrunda mübarizəsi” mövzusunda geniş fikir mübadiləsi aparıblar. Hindistanın repressiv siyasəti nəticəsində doğma yurdlarını tərk edərək hazırda Kanada, ABŞ, Böyük Britaniya və digər ölkələrdə yaşayan siqhlərin və digər azlıqların vəziyyəti, siqh fəallarına qarşı dövlət səviyyəsində həyata keçirilən terror aktları, eləcə də Hindistanda icmanın üzləşdiyi əsas siyasi, hüquqi və təhlükəsizlik problemləri diqqət mərkəzində olub.
Konfransda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərini etnik azlıqlara münasibətdə kobud şəkildə pozması məsələləri də müzakirə edilib. Xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqlarının və məhkəmə qərarı olmadan icra edilən edamların araşdırılması, BMT-nin xüsusi məruzəçiləri vasitəsilə hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılıb.
Tədbirin yekununda Bakı Təşəbbüs Qrupu və Qlobal Siqh Təşkilatları tərəfindən siqhlərə qarşı zorakılıq hallarının artıq dördüncü onillikdir davam edən cəzasızlıq praktikasına son qoyulmasına yönəlmiş “Beynəlxalq Fəaliyyətə Çağırış” adlı yekun sənəd qəbul edilib.