BAKI, AzerVoice, Nailə Babazadə
Türk Dövlətləri Təşkilatı (TDT), Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sülh razılaşmasını məmnunluqla qarşılayıb.
AzerVoice xəbər verir ki,təşkilat, ABŞ-ın paytaxtı Vaşinqtonda imzalanan ortaq bəyannaməni və ATƏT-in Minsk Qrupu mexanizminin bağlanması çağırışını bölgə üçün “əlamətdar dönüş nöqtəsi” kimi dəyərləndirib.
TDT Baş katibi, səfir Kubanıçbek Ömüraliyev açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma Cənubi Qafqazda qalıcı sülh, sabitlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Təşkilat, həmçinin iki ölkənin sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair razılığını, eləcə də xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesi ilə bağlı strukturların bağlanması üçün verilən ortaq çağırışı tam şəkildə dəstəklədiyini bəyan edib.
Açıqlamada vurğulanıb ki, bu tarixi addımın regionda davamlı sülhün bərqərar olmasına səbəb olacağına dair inam böyükdür və TDT bundan sonra da bu prosesə dəstək verməyə hazırdır.