#Azərbaycan Ermənistan danışıqları

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində siyasətini dəfələrlə elan edib və bu mövqeyə sadiqdir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandığı zaman Türkiyə Ermənistanla normallaşmaya başlamağa hazır olacaq. Fidan qeyd edib ki, Ermənistanın bölgədə sülhə bu qədər maraqlı olmasının əsas səbəbi Türkiyənin münasibətləri normallaşdırmağa hazır olduğunu görməsidir.

Noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb. Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirmişdi.

21–22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.