BAKI, AzerVoice
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, 28 May tarixinin Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və bu yolda mübarizə aparmış qəhrəmanları rəhmətlə anıb.
AzerVoice xəbər verir ki, Topçu qeyd edib ki, müsəlman şərqində qurulan ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin “Bir dəfə yüksələn bayraq bir daha enməz” sözləri hər bir türk vətəndaşı üçün şüar olmalıdır.
"28 May 1918-ci ildə ‘Bir dəfə yüksələn bayraq bir daha enməz’ deyərək Azərbaycan Xalq Cümhuriyyətini quran Məhəmməd Əmin Rəsulzadəni, Şanlı Qafqaz İslam Ordusunu və onun komandanı Nuri Paşanı, ikinci prezident Əbülfəz Elçibəyi, ‘Bir millət, iki dövlət’ deyimi ilə Azərbaycan-Türkiyə qardaşlığını gücləndirən, müasir və güclü Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevi sayğı, rəhmət və minnətlə anıram" - deyə Topçu bildirib.
Yalçın Topçu Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfəri xüsusi vurğulayaraq, Ermənistanın 30 il davam edən işğalına son qoyulmasını yüksək qiymətləndirib.
"BMT və ATƏT qərarlarına baxmayaraq, Azərbaycanın öz torpağı olan Qarabağda 30 illik erməni işğalına 44 günə son verən, işğalçıları ‘it qovar kimi’ qovan Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin şəxsində qəhrəman Azərbaycan Ordusunu və əzəmətli Azərbaycan xalqını salamlayır, müstəqillik uğrunda canını verən bütün şəhidlərə rəhmət, qazilərə minnətdarlıq və sağlamlıq diləklərimi bildirirəm. 28 May – Müstəqillik Gününüz mübarək olsun"- deyə müşavir vurğulayıb.