BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ-də Ramazan və Qurban bayramlarını müsəlmanlar üçün rəsmi tətil kimi qəbul edən ilk ştat olan Vaşinqtonda Ramazan ayı da rəsmi şəkildə tanınıb.
AzerVoice xəbər verir ki, Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson sosial şəbəkə hesabında yaydığı açıqlamada Ramazan ayının 18 fevral–19 mart 2026-cı il tarixlərini əhatə etdiyini və bu müddətin rəsmi olaraq Ramazan ayı kimi elan olunduğunu bildirib.
Qubernator vurğulayıb ki, ştatda yaşayan müsəlmanlar cəmiyyətin ayrılmaz hissəsidir və təhsil, səhiyyə, iqtisadiyyat, texnologiya, incəsənət və vətəndaş cəmiyyəti sahələrində mühüm töhfələr verirlər.
Ferqyuson qeyd edib ki, Ramazan ayı dünyada milyonlarla müsəlman tərəfindən oruc, ibadət, ianəçilik və həmrəylik ruhunda keçirilən müqəddəs bir dövrdür və bu dəyərlər səxavət, özünənəzarət, minnətdarlıq və ictimai məsuliyyət prinsiplərini gücləndirir.
O, Vaşinqtonun Ramazan və Qurban bayramlarını rəsmi tətil kimi tanıyan ilk ştat olduğunu xatırladaraq, ştatın müsəlman icmalarını dəstəklədiyini bildirib.