BAKI, AzerVoice
Myanmanın hərbi xuntası ölkənin Britaniya müstəmləkə hakimiyyətindən müstəqilliyinin 78-ci ildönümü münasibətilə elan etdiyi amnistiya çərçivəsində 6 min 100-dən çox məhbusun azadlığa buraxıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, hakimiyyət orqanları bir sıra digər məhbusların da cəza müddətini azaldıb. Azadolma prosesinin bir neçə gün davam edəcəyi gözlənilir.
Buna baxmayaraq, hələlik tanınmış siyasi məhbusların azadlığa buraxılacağına dair hər hansı əlamət yoxdur. 2021-ci ilin fevralında baş vermiş hərbi çevrilişdən sonra minlərlə demokratiya tərəfdarı, siyasətçi və ictimai fəal həbs olunub. Məlumata görə, azadlığa buraxılanlar arasında devrilmiş mülki lider, Nobel Sülh Mükafatı laureatı Aun San Su Çji də yoxdur.
Nəşr qeyd edir ki, amnistiya hərbi rejimin mübahisəli seçkilər keçirməyə hazırlaşdığı bir vaxtda elan olunub. Həmin seçkilər müxalifətin böyük hissəsi tərəfindən boykot edilib. Müşahidəçilərin fikrincə, bu seçkilər generalların hakimiyyətini legitimləşdirməyə xidmət edir. Eyni zamanda, ölkədə hökumət qüvvələri ilə anti-xunta qruplaşmaları arasında silahlı toqquşmalar davam edir.
Bundan əlavə, humanitar səbəblərlə 52 xarici məhbusun da azadlığa buraxıldığı bildirilib.