BAKI, AzerVoice, Orxan Qədirzadə
ABŞ Prezidenti Corc H. V. Buş Somalinin vətəndaş müharibəsi və qida çatışmazlığı yaşanan bölgələrində humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə 28 min ABŞ hərbçisinin ölkəyə göndərilməsi barədə göstəriş verib. Prezident əməliyyatı “Tanrının işi” adlandıraraq Somaliyə yardım edilmədiyi təqdirdə bir milyondan çox insanın ölüm təhlükəsi ilə üzləşəcəyini bildirib.
Buş vurğuladı ki, ABŞ qüvvələrinin missiyası müddətsiz deyil və “zərurət bitən kimi ölkəni tərk edəcək.”
Lakin qısa müddətli humanitar əməliyyat kimi planlaşdırılan kontingent tezliklə Somalidəki siyasi qarşıdurmaya daxil olub və kampaniya 15 ay davam edib. Missiya 1993-cü ildə Prezident Bill Klinton tərəfindən dayandırılıb.
1992-ci ildə qəbilələrarası müharibə, dövlət strukturlarının dağılması və əsrin ən ağır quraqlıqlarından biri nəticəsində Somali əhalisinin dörddə biri aclıq təhlükəsi ilə üz-üzə qalmışdı. BMT avqust ayında sülhməramlı əməliyyat başladaraq ərzaq və tibbi yardımın paylanmasını təmin etməyə çalışsa da, qarşıdurmalar davam etdiyi üçün missiya uğursuz olmuşdu.
Dekabrın 4-də vəziyyətin kritik həddə çatması fonunda Prezident Buş bölgəyə ABŞ qoşunlarının göndərilməsi barədə qərar verib. Beş gün sonra dəniz piyadaları “Ümidin Bərpası” (Operation Restore Hope) əməliyyatının ilk mərhələsi çərçivəsində Somaliyə daxil olub.
ABŞ və beynəlxalq qüvvələrin dəstəyi ilə humanitar yardımın paylanmasına nail olunsa da, davam edən müharibə və siyasi həll planının olmaması əməliyyatın uzanmasına səbəb olub. Prezident Klinton vəzifəyə başladıqdan sonra amerikalı hərbçilərin geri qaytarılmasını prioritet elan etsə də, vəziyyət daha da gərginləşib.
1993-cü ilin iyununda Pakistanlı 24 sülhməramlı əsgərin Mogadişuda general Məhəmməd Aydidin qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra ABŞ və BMT, Aydidi həbs etmək üçün genişmiqyaslı əməliyyata başlaıb.
Avqust ayında Delta Force və ABŞ Reyncerləri daxil olmaqla 400 xüsusi təyinatlı hərbçi Mogadişuya göndərilib. 3–4 oktyabr tarixlərində həyata keçirilən uğursuz əməliyyat zamanı 18 ABŞ hərbçisi həlak olub, 84-ü yaralanıb. 17 saat davam edən toqquşmalar Vyetnam müharibəsindən bəri ABŞ ordusunun ən qanlı döyüşü kimi tarixə düşüb. Tərəflər arasında 1 000-dək Somali sakininin öldürüldüyü bildirilir.
Hadisədən üç gün sonra Prezident Klinton ABŞ qoşunlarının tam çıxarılması barədə qərar verib. 1994-cü il martın 25-də son amerikalı hərbçilər Somali ərazisini tərk edib. BMT-nin 20 minlik kontingenti isə “dövlət quruculuğu” məqsədilə ölkədə qalsa da, 1995-ci ildə həmin qüvvələr də geri çəkilib. Somalidə siyasi gərginlik və qəbilələrarası toqquşmalar XXI əsrə qədər davam edib.