BAKI,AzerVoice, Orxan Qədirzadə
Suriyanın Homs şəhərinin cənub qəsəbələrində bu axşamdan etibarən ciddi təhlükəsizlik tədbirləri və komendant saatı rejimi tətbiq edilməsi qərara alınıb. Tədbirlər günün əvvəlində Zeydal qəsəbəsində baş verən və bir ailə cütlüyünün qətlə yetirilməsi ilə nəticələnən hadisədən sonra gərginliyin qarşısını almağa yönəlib.
AzerVoice xəbər verir ki, daxili təhlükəsizlik qüvvələri bölgədə sabitliyi qorumaq, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və cinayətin məzhəbçilik xarakterli təxribatlara çevrilməsinə imkan verməmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirir.
Səhər saatlarında Zeydal qəsəbəsində bir kişi və həyat yoldaşı evlərində qətlə yetirilmiş vəziyyətdə tapılıb. Hadisə yerində təxribat xarakterli yazıların aşkar edilməsi cəmiyyəti qarşıdurmaya sürükləmək cəhdi kimi qiymətləndirilir.
Hazırda Homsun cənub məhəllələrində vəziyyət sakit olaraq qalsa da, təhlükəsizlik qüvvələri tam hazırlıq vəziyyətində şəhərdə sabitliyin bərpası üçün tədbirləri davam etdirir.
Homs valiliyində keçirilən təcili iclasda şəhərdə vəziyyət müzakirə olunub, sabitliyin möhkəmləndirilməsi və mümkün iğtişaşların qarşısının alınması üçün əlavə addımlar nəzərdən keçirilib.
Suriya Daxili İşlər Nazirliyi bildirib ki, Zeydal və Homsun cənub bölgələrində təhlükəsizlik qüvvələri gücləndirilmiş rejimdə yerləşdirilib. Məqsəd sabitliyi qorumaq, cinayətin istənilən şəkildə sui-istifadəsinə imkan verməmək və əhalinin təhlükəsizliyini təmin etməkdir.
Nazirlik həmçinin hüquq-mühafizə orqanlarının cinayətlə bağlı sübutların toplanması və qatilin müəyyən edilməsi istiqamətində araşdırmaları davam etdirdiyini qeyd edib. Vətəndaşlara rəsmi göstərişlərə əməl etmək və təhlükəsizlik qurumları ilə əməkdaşlıq etmək tövsiyə olunub.
Homs üzrə daxili təhlükəsizlik rəhbəri briqada generalı Mürhäf Ən-Nəssan cinayətin qəddar şəkildə həyata keçirildiyini təsdiqləyib və hadisənin cəmiyyətdə parçalanma yaratmağa yönəldiyini bildirib.
Onun sözlərinə görə, dərhal bütün hüquqi prosedurlar işə salınıb, hadisə yeri qorunub, sübutlar toplanıb və cinayətin təfərrüatlarının müəyyən edilməsi üçün genişmiqyaslı istintaq başladılıb.
“Bu ağır cinayəti qətiyyətlə pisləyirik. Məqsəd aydındır – cəmiyyətdə parçalanma yaratmaq və sektarian qarşıdurmanı qızışdırmaq. Vətəndaşlarımızı sakitliyə çağırırıq və istintaqın nəticələrinə qədər hər hansı reaksiyadan çəkinməyi xahiş edirik.”-General Ən-Nəssan deyib.
Daxili təhlükəsizlik qüvvələri bildiriblər ki, bölgədə ictimai sabitliyi pozmaq cəhdlərinə qarşı sərt və ardıcıl tədbirlər görüləcək.