Bakı,AzerVoice, Orxan Qədirzadə
İran Hirkan meşələrində baş verən yanğının söndürülməsi üçün xarici ölkələrdən yardım istəyib.
AzerVoice xəbər verir ki, İranın şimalında, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Hirkan meşələrində bir neçə gündür davam edən genişmiqyaslı yanğın nəzarətdən çıxıb.
Rəsmi məlumatlara görə, yanğın noyabrın əvvəlində söndürülmüşdü, lakin 15 noyabrda yenidən alovlanaraq sürətlə genişlənib. Yanğının Mazandaran vilayətinin Elit qayalıq ərazisində ovçular tərəfindən törədildiyi iddia olunur.
İran Prezidenti Məsud Pezeşkianın müavini Məhəmməd Cəfər Qayımpənah X sosial şəbəkəsində bildirib ki, yanğının miqyası ölkənin müdaxilə imkanlarını üstələdiyi üçün “dost ölkələrdən təcili yardım istənilib”.
İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsəri dövlət televiziyasına açıqlamasında Türkiyədən iki yanğınsöndürmə təyyarəsi, bir helikopter və səkkiz nəfərlik xüsusi heyət göndərildiyini təsdiqləyib.
Onun sözlərinə görə, zərurət yaranacağı halda Rusiyadan da yardım istənilə bilər.
Mazandaran vilayətinin Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Hüseyn Əli Məhəmmədi əməliyyatı “son illərin ən mürəkkəb müdaxilələrindən biri” kimi qiymətləndirib. İran son 60 ilin ən şiddətli quraqlığı ilə üzləşib ki, bu da yanğının qarşısının alınmasını çətinləşdirir.
2019-cu ildə Dünya İrsi kimi tanınan Hirkan meşələri Xəzər sahili boyunca İranın və Azərbaycanın şimal əraziləri boyunca təxminən 1000 km uzanır. Təxminən 25–50 milyon illik tarixi olan bu meşələrdə 3 200-dən çox bitki növü, o cümlədən çoxsaylı nadir və nəsli kəsilməkdə olan ağac növləri mövcuddur.
BMT İqlim üzrə eksperti və İranın keçmiş ekoloji rəsmisi Kaveh Madani sosial şəbəkədə etdiyi paylaşımında “İranlılar fars sivilizasiyasından daha qədim bir təbii irsi itirirlər.”-deyib.