BAKI, AzerVoice, Fərid Mikayılov
İranın Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Məhəmməd-Rza Salehi-Əmiri, ölkəsinin Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.
AzerVoice xəbər verir ki, Tehranda keçirilən 21-ci strateji şura iclasında çıxış edən Salehi-Əmiri, Çinin İranın əsas ticarət tərəfdaşı olduğunu vurğulayaraq, turizm sahəsində də ölkəsinin əsas tərəfdaşına çevrilməsini istədiyini qeyd edib.
Nazir iki ölkə arasında turizm əməkdaşlığını artırmaq üçün yeni danışıqlar aparılacağını açıqlayıb.
Nazirin sözlərinə görə, hazırda hər il 160 milyon Çin vətəndaşı xaricə səyahət edir, bu rəqəmin 2030-cu ilə qədər 200 milyona çatacağı gözlənilir.
“İran bu böyük bazardan öz payını almalıdır,” – deyə o, əlavə edib.
Salehi-Əmiri turizmin ölkə iqtisadiyyatı və məşğulluq üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu sektor hazırda 1,6 milyon iş yeri, 22 min mehmanxana, 6 min səyahət agentliyi və 15 min bələdçi üçün dayaq rolunu oynayır.
Nazir, həmçinin, Orta Asiya, Qafqaz və Fars körfəzi ölkələrinin, xüsusilə İraqın, İran turizmi üçün əsas hədəf bazarlar olduğunu bildirib.