BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) müdafiə sənayesi şirkətlərindən ehtimal olunan Çinlə münaqişə ssenarisinə hazırlıq məqsədilə raket istehsalını iki və ya dörd dəfə artırmağı tələb edib.
AzerVoice xəbər verir ki, bu çağırış əsasən ABŞ-ın kritik silah ehtiyatlarının kifayət qədər olmaması ilə bağlı narahatlıqlardan irəli gəlir.
Pentaqon ən çox tələbat olan 12 əsas silah sisteminin istehsalına xüsusi diqqət yetirilməsini istəyir. Bu məsələ yüksək səviyyəli görüşlərdə Pentaqon rəhbərliyi ilə ABŞ-ın aparıcı raket istehsalçılarının rəhbərləri arasında müzakirə olunub.
Mənbələrin bildirdiyinə görə, müdafiə nazirinin müavini Stiv Faynberq bu prosesdə qeyri-adi dərəcədə aktiv iştirak edir. O, “Munitions Acceleration Council” (Sursatların Sürətləndirilməsi Şurası) adlı təşəbbüsə rəhbərlik edir və həftəlik əsasda bəzi şirkət rəhbərləri ilə telefon danışıqları aparır.
Hazırda nə Pentaqon, nə də müdafiə şirkətləri məsələyə rəsmi şərh verib. Reuters də xəbəri müstəqil şəkildə təsdiqləyə bilməyib.