BAKI, AzerVoice, Nərmin Ağayeva
İspaniya və Portuqaliya avqustun əvvəlindən tarixlərinin ən böyük meşə yanğınları ilə mübarizə aparır.
AzerVoice xəbər verir ki, Pireney yarımadasındakı iki ölkədə avqustun əvvəllərindən bəri 560 min hektardan çox meşə yanıb. EFFIS məlumatlarına görə, İspaniyada 344 min hektar, Portuqaliyada isə 216 min hektar ərazi yanıb.
İspaniyada yanğınlar xüsusilə Qalisiya, Kastiliya və Leon, Asturiya, Ekstremadura və Madrid ətrafında qeydə alınıb. Ourense bölgəsində yanğınsöndürmə zamanı dörd yanğınsöndürən yaralanıb, 8000-dən çox insan isə təhlükəsizlik üçün evlərini tərk edib. Şimal bölgələrdə 15 əsas yol müvəqqəti bağlanıb.
Portuqaliyada isə dörd böyük yanğın davam edir, 2300-dən çox yanğınsöndürən fəaliyyət göstərir. Ölkə ərazisinin təxminən 2%-i yanıb ki, bu da Avropa İttifaqında nisbətən ən yüksək göstəricidir.
Qeyd edək ki, İspaniya Baş naziri Pedro Sançes zərər çəkmiş bölgələrə səfər edərək yanğınların vəziyyəti ilə tanış olub.