BAKI, AzerVoice
Anqolanın paytaxtı Luandada taksi sürücülərinin yanacaq qiymətlərinin azaldılması tələbi ilə keçirdiyi nümayiş zamanı baş verən iğtişaşlar nəticəsində azı dörd nəfər həlak olub.
AzerVoice xəbər verir ki, bu barədə "Jornal de Angola" qəzeti məlumat yayıb.
Məlumata görə, iğtişaşlar zamanı 45 mağaza qarət olunub, bank və ofis binalarına ziyan dəyib. Həmçinin avtobuslar və avtomobillər zədələnib.
Bildirilib ki, 500 nəfər vandallıq aktlarında iştirak etdiklərinə görə həbs edilib.
Etiraz aksiyalarına səbəb bu ayın ortalarında hökumətin yanacaq subsidiyalarını ləğv etməsi nəticəsində dizel və benzinin qiymətinin 30 faiz artması olub.
Qeyd edək ki, yanacaq qiymətlərinin artırılmasına qarşı ilk böyük etiraz aksiyası iyulun 12-də Luandada keçirilib. Polis aksiyanı dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. 28 iyul tarixində keçirilən aksiya isə genişmiqyaslı iğtişaşlara çevrilib. Nizamı bərpa etməyə çalışan polis və təhlükəsizlik qüvvələri Luandanın mərkəzi rayonlarında havaya atəş açıblar.
Son günlər etirazçılar tələblərini artırıblar. Yanacaq qiymətlərinin azaldılması ilə yanaşı, onlar kommunal xərclərin dondurulmasını, elektrik və su qiymətlərinin aşağı salınmasını və dövlət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını tələb edirlər. Etirazlara tələbələr də qoşulub, təhsil haqlarının azaldılmasını istəyirlər.