BAKI, AzerVoice
ABŞ-ın qonşu ölkələrə bir-birlərinə nə etməli olduqlarını diktə etmək kimi bir işi və ya bu sahədə bir marağı yoxdur.
AzerVoice xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyədəki səfiri Tom Barak "Associated Press"-ə (AP) müsahibə verərkən deyib.
Barak, Türkiyənin Suriyaya mümkün müdafiə dəstəyi ilə bağlı ABŞ-ın Suriya ilə Türkiyə arasında hərbi müdafiə sazişinin imzalanması ehtimalı barədə hər hansı bir mövqeyə sahib olmadığını bildirib.
Suriyanın cənubunda baş verən hadisələrə də toxunan Barak qeyd edib ki, İsrailin Suriyaya hücumlarının zamanlaması uğursuz olub. O, İsrailin Suriyanı güclü mərkəzi hökumət tərəfindən idarə olunan bir ölkə kimi görməkdənsə, "parçalanmış və bölünmüş" vəziyyətdə görməyə üstünlük verdiyini söyləyib.
“İsrailin suveren bir dövlətə müdaxiləsini qəbul etmək və ya etməmək çətin bir sualdır” – deyə, Barak bildirib. "İsrail, Suriyanın güclü bir mərkəzi dövlət tərəfindən idarə olunmasındansa, parçalanmış və dağılmış vəziyyətdə olmasını üstün tutar."
Barak, ABŞ-ın Suriyadakı yeni hökumətə dəstəyini bir daha təkrarlayaraq, mövcud hökümətlə əməkdaşlıq etməkdən başqa bir “B planı” olmadığını bildirib.
O, həmçinin, Suriyanın cənubundakı toqquşmalarda hər iki tərəfdə də baş verən ölüm və qətliamların qəbuledilməz olduğunu vurğulayıb:
“Məncə, ortaya çıxan müxtəlif problemləri həll etmək üçün çox az resursa sahib olan yeni Suriya hökuməti əlindən gələni edir.”
Barak əlavə edib ki, İsrail, Dəməşqin cənubunda hərbi baxımdan baş verəcək hər şeyin Təl-Əviv rəhbərliyi ilə müzakirə olunmalı və razılaşdırılmalı olduğunu düşünür, lakin “Suriya hökuməti açıq şəkildə bu fikirdə deyildi.”
Bununla yanaşı, Barak bildirib ki, Suriya ilə İsrail arasında elan edilən atəşkəs yalnız Suveyda vilayətindəki döyüşləri əhatə edir və məhdud bir razılaşmadır. O, bu razılaşmanın, İsrailin Dəməşqin cənubunun silahsızlaşdırılması kimi məsələləri də əhatə edən daha geniş problemləri daxil etmədiyini vurğulayıb.
Barak atəşkəsdən əvvəl aparılan danışıqlarda tərəflərin, Suriyaya məxsus qüvvə və silahların Dəməşqdən Suveydaya daşınması kimi məsələlərdə razılığa gəlmək üçün əllərindən gələni etdiklərini deyib. Barak həmçinin qeyd edib:
“Güclü dövlətlər bir təhlükədir. Xüsusilə ərəb dövlətləri İsrail üçün təhlükə kimi qəbul edilir.”
Qeyd edək ki, iyulun 19-da Suriyada SDQ (Suriya Demokratik Qüvvələri) adından çıxış edən PKK terror təşkilatının liderlərindən Fərhad Abdi Şahin ilə görüşən Barak, Suveydadakı toqquşmaların Suriya hökuməti ilə PKK arasında gedən danışıqlara zərər verməyəcəyinə inandığını və yaxın həftələrdə dönüş nöqtəsi yaşana biləcəyini bildirmişdi.
Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.
16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.
Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.