BAKI,AzerVoice, Fərid Mikayılov
Almaniyanın Münhen şəhərində bu səhər dalbadal partlayışlar baş verib, hadisə nəticəsində bir nəfər həyatını itirib, yaralananların olduğu bildirilir.
AzerVoice xəbər verir ki, polis və xilasedici qüvvələr şəhərin şimalında yerləşən Lerchenauer Strasse ərazisində genişmiqyaslı əməliyyat aparır.
Almaniyanın Bild nəşrinin məlumatına görə, partlayışlarla yanaşı silah səsləri də eşidilib. Polis yanmış vəziyyətdə avtobus aşkarlayıb, avtomobilin önündə isə qalın yanğınsöndürmə köpüyü təbəqəsi müşahidə olunub. Hadisə yerində bir kişinin meyiti tapılıb.
İlkin versiyalara əsasən, ölən şəxsin ailəsinə məxsus evi partlayıcılarla tuşladığı, daha sonra yandırdığı və intihar etdiyi ehtimal olunur. Ən azı bir nəfərin odlu silah yaraları ilə xəstəxanaya yerləşdirildiyi qeyd olunub.
Polis hadisə baş verən ərazidə geniş təhlükəsizlik zolağı qurub. Şəhər sakinləri və sürücülərə bölgədən uzaq durmaq, alternativ marşrutlardan istifadə etmək tövsiyə olunub.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.