BAKI, AzerVoice
Almaniya kansleri Fridrix Mers Ukraynanın yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzv olacağına dair ciddi şübhə etdiyini bildirib.
AzerVoice xəbər verir ki, bu barədə o, Berlində Rumıniya prezidenti Nikuşor Danla birgə keçirdiyi mətbuat konfransında qeyd edib.
Mers, Ukraynanın Aİ-yə daxil olmasının hazırkı münaqişə sona çatmadan mümkün olmayacağını vurğulayıb.
“Bizim üçün əsas prioritet bu müharibənin bitməsi üçün hər şeyi etməkdir. Bundan sonra Ukraynanın bərpası müzakirə olunacaq və bu proses bir neçə il davam edəcək. Ukraynanın Aİ ilə yaxınlaşması mərhələli şəkildə baş verəcək, lakin müharibə vəziyyətində olduğu müddətcə üzvlük, əlbəttə ki, çətin görünür" - deyə, kansler bildirib.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası (AK) 2028–2034-cü illər üzrə büdcə planı layihəsinə Ukraynaya dəstək üçün ayrıca 100 milyard avro məbləğində maddə əlavə etmişdi. Macarıstanın baş naziri Viktor Orban isə bu kontekstdə bildirmişdi ki, Aİ ölkələri bu layihəyə razı olmayacaq, çünki onun fikrincə, AK-nın yeganə məqsədi Ukraynanı Aİ-yə qəbul etmək və bunun üçün zəruri maliyyə resurslarını təmin etməkdir.