BAKI, AzerVoice
İran rəsmiləri ilə “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında Tehranın nüvə proqramı ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlar gələn həftə keçirilə bilər.
AzerVoice xəbər verir ki, bu barədə “Axios” portalı diplomatik mənbəyə istinadən məlumat verib.
Bildirilib ki, görüşün Vyana və ya Cenevrədə keçirilməsi ehtimalı var.
“Gözlənildiyinə görə, İrandan bu məsləhətləşmələrə xarici işlər nazirinin müavinləri Kazım Qəribabadi və Məcid Taxt-Rəvançi göndəriləcək” – deyə, məlumatda qeyd olunub.
Məlumatda həmçinin bildirilib ki, “Avropa üçlüyü” də danışıqlarda yüksək səviyyəli diplomatlarla təmsil olunacaq.
Xatırladaq ki, bundan əvvəl İran xarici işlər naziri Abbas Əraqçi, ölkənin Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirməyə hazır olduğunu və yaxın zamanda “Avropa üçlüyü” formatında növbəti görüşün keçirilməsi imkanını nəzərdən keçirdiyini bildirmişdi.