BAKI, AzerVoice
Avropa İttifaqı (Aİ), Gürcüstana onun verdiyi tövsiyələri avqust ayına qədər yerinə yetirmədiyi təqdirdə, ölkəyə qarşı vizasız rejimi dayandıra bilər.
AzerVoice xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyinin yaydığı rəsmi bəyanatda bildirilib.
“Avropa İttifaqı avqustun sonuna qədər Gürcüstandan yenilənmiş məlumat gözləyir. Əgər tövsiyələrlə bağlı irəliləyiş olmazsa, vizasız rejimin tam şəkildə dayandırılması gündəmə gələ bilər” - deyə, bəyanatda qeyd olunub.
Aİ nümayəndəliyi bildirib ki, bu tövsiyələr arasında əsas insan haqlarının qorunması, azadlığı məhdudlaşdıran qanunların ləğvi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi də yer alır. Həmçinin xatırladılıb ki, Aİ artıq ötən ilin yanvarında Gürcüstanın xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejimi dayandırıb və bu rejimin davamı “əsas hüquq və azadlıqlara hörmət” prinsipinə əsaslanır.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın “İmedi” telekanalı Avropa Komissiyasının Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə ünvanladığı məktubu dərc edib. Həmin məktubda Gürcüstanın Aİ ilə vizasız rejimi itirmək riski barədə xəbərdarlıq yer alır. Məktubda göstərilən səkkiz tövsiyə arasında keçən il qəbul edilən “xarici agentlər haqqında qanun” və “LGBT təbliğatının qadağan olunması” ilə bağlı qanunların ləğv olunması da var.
Lakin Gürcüstan hakimiyyəti bu qanunları ləğv etmək niyyətində olmadığını bildirir və Avropa Komissiyasının məktubunu “şantaj cəhdi” adlandırır.