BAKI, AzerVoice
ABŞ prezidenti Donald Trampın sağlamlıq vəziyyəti ilə bağlı yayılan fərziyyələrə Ağ Evdən rəsmi açıqlama verilib.
AzerVoice xəbər verir ki, prezident Trampın son günlərdə ayaq biləyindəki şişkinliklə bağlı ortaya çıxan müzakirələrə cavab olaraq Ağ Evin həkimləri tərəfindən aparılan tibbi müayinələrin nəticələri ictimaiyyətə təqdim olunub.
Mətbuat katibi Karolin Leavitt jurnalistlər qarşısında çıxış edərək, prezidentin şəxsi həkimi Şon Barbabellanın imzaladığı hesabatı oxuyub. Açıqlamada Trampın “xroniki venoz çatışmazlıq” diaqnozu aldığı, bu vəziyyətin isə geniş yayılmış, xoşxassəli və nəzarət altında saxlanıla bilən olduğu vurğulanıb.
Müayinələr zamanı prezidentin ayaqlarında Doppler ultrasəs, qan analizləri, ürək exokardioqrafiyası və digər testlər aparılıb. Həkimlər bütün göstəricilərin normal olduğunu, ürək fəaliyyətində və damar sistemində ciddi problem aşkarlanmadığını bildiriblər.
Bundan əlavə, Trampın əlinin arxasında görünən qançırların da aspirin istifadəsi və tez-tez əl sıxma nəticəsində meydana gəldiyi izah edilib.
Qeyd edək ki, 79 yaşlı prezidentin ayaq biləyindəki şişkinlik ilk dəfə Nyu-Cersidə keçirilən FIFA Klublararası Dünya Çempionatının finalında çəkilmiş görüntülərlə ictimailəşmiş və bu səbəbdən sosial mediada səhhəti ilə bağlı narahatlıqlar artmışdı. Həkimlər yaşla əlaqədar bu cür damar problemlərinin tez-tez rast gəlinə biləcəyini bildiriblər.