BAKI, AzerVoice
İran Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən iclasda İsrailin Suriyaya qarşı son hərbi hücumlarını sərt şəkildə qınayıb.
AzerVoice xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi və səfiri Əmir Səid İravani Nyu-Yorkda Suriyadakı vəziyyətə həsr olunmuş Təhlükəsizlik Şurasının iclasında çıxış edərək İsrailin Suriyadakı hərbi fəaliyyətlərini qlobal sülhə və regional sabitliyə ciddi təhdid kimi təqdim edib.
İravani bildirib ki, İsrail hazırda Suriyanın bəzi ərazilərini işğalda saxlayır və regionda sülh və təhlükəsizliyə qarşı ən ciddi təhdid mənbəyidir. Onun sözlərinə görə, bu təcavüzkar siyasət ABŞ və bəzi Qərb dövlətlərinin İsrailə verdiyi siyasi və hərbi dəstək sayəsində davam etdirilir.
Diplomat vurğulayıb ki, İsrailin Suriyaya qarşı həyata keçirdiyi hava hücumları və digər təxribatçı hərbi addımları beynəlxalq ictimaiyyətin, xüsusilə də Təhlükəsizlik Şurasının səssizliyi fonunda genişlənir.
İran nümayəndəsi qeyd edib ki, İsrail bu günə qədər beynəlxalq hüququn pozulmasına görə heç bir real məsuliyyət daşımayıb.
“İsrailə qarşı konkret tədbirlərin görülməməsi onun regiondakı aqressiv siyasətini daha da cəsarətləndirir” – deyə İravani bəyan edib.