BAKI, AzerVoice
Dünyada qlobal elektrikli avtomobil satışları 9 milyonu keçdi – Çin liderliyini qoruyur.
AzerVoice xəbər verir ki, bu ilin ilk
altı ayında dünyada satılan elektrikli avtomobillərin sayı ötən
ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 9,1 milyona
çatıb.
Bu barədə Böyük Britaniyada yerləşən Rho Motion tədqiqat qurumu
məlumat yayıb.
Elektrikli avtomobil satışlarının yarısından çoxu, yəni 5,5 milyonu Çində qeydə alınıb. Çin bazarında satışlar 32 faiz artımla nəticələnib. Bu, hər iki elektrikli avtomobildən birinin Çində satıldığını göstərir.
Avropada bu müddət ərzində satışlar 26 faiz artaraq 2 milyona çatıb. Almaniya, İspaniya və İngiltərədə yüksəliş müşahidə edilsə də, Fransada subsidiyaların azaldılması səbəbilə satışlar 13 faiz geriləyib.
Şimali Amerikada isə artım tempi zəifləyərək 3 faizə enib. Bu bölgədə ümumilikdə 900 min elektrikli avtomobil satılıb. ABŞ-da satışlar 6 faiz, Meksikada 20 faiz artsa da, Kanadada 23 faiz azalma qeydə alınıb.
Dünyanın digər ölkələrində də elektrikli nəqliyyat vasitələrinə maraq yüksəlib. Satışlar 40 faiz artaraq 700 min ədədə çatıb.
Türkiyədə isə elektrikli avtomobil satışlarında kəskin artım qeydə alınıb. Yanvar-iyun ayları ərzində satışlar 138 faiz artaraq 84 min 956 avtomobilə çatıb. Bu artım əsasən 160 kVt-a qədər gücə malik nəqliyyat vasitələrinə tətbiq olunan 10 faiz Xüsusi İstehlak Vergisi (XHT) sayəsində mümkün olub.
Qeyd edək ki, qlobal miqyasda elektrikli avtomobillərin bazar payının sürətlə böyüməsi, texnologiyanın inkişafı və dövlət dəstəkləri ilə əlaqələndirilir.