Əsas səhifə » Brataniyada "Kamelot" tematik parkının sökülməsinə dair qərar verilib

Brataniyada "Kamelot" tematik parkının sökülməsinə dair qərar verilib

BAKI, AzerVoice

Böyük Britaniyada əfsanəvi Kral Arturdan ilhamlanaraq yaradılmış və Çorli şəhərində yerləşən "Kamelot" adlı tematik parkın sökülməsi qərara alınıb.

AzerVoice xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda 56,6 hektarlıq sahəni əhatə edən "Kamelot" parkı baxımsız vəziyyətdədir və 2012-ci ildən bağlanıb. Parkın yerində 80 milyon funt sterlinq dəyərində olan 350 yaşayış evinin tikilməsi planlaşdırılır. Müvafiq layihə Çorli dairə şurasına iyunun 20-də təqdim edilib.

Nəşr yazır ki, park ərazisinin yenidən planlaşdırılması 2014 və 2017-ci illərdə də irəli sürülmüş, lakin rədd edilmişdi. Bununla belə, inşaatçılar hesab edirlər ki, layihə nəticəsində bölgədə yeni iş yerləri açılacaq və ailələrin istehlak xərcləri artacaq.

Lakin layihəyə yerli əhalinin ciddi etirazı var. Qonşuluqdakı Heskine kəndinin sakinləri layihəyə qarşı çıxıb. 25 nəfər rəsmi şəkildə etiraz edib, yalnız bir nəfər dəstəkləyib.

Sakinləri əsasən vəhşi təbiətin məhv edilməsi, artan səs-küy və nəqliyyat axını, eləcə də sosial infrastrukturun kifayət qədər olmaması narahat edir.

Qeyd edək ki, "Kamelot" kral Arturun yaşadığı və Yuvarlaq Masa cəngavərlərinin toplandığı əfsanəvi qaladır. Əfsanələrə görə, kral ömrünün böyük hissəsini bu qalada keçirib. Onun dəqiq yerləşdiyi yer bilinmir — bəzi mənbələr Kamelotu Vinçester şəhərində, bəziləri Uelsdə və ya İrlandiya dənizində batmış Krimmiç şəhərində yerləşdirir.

Digər Kateqoriyalar

2025 © Azervoice