BAKI, AzerVoice
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı son hücumlarla bağlı keçirilən mətbuat konfransında diqqətçəkən açıqlamalarla çıxış edib.
AzerVoice xəbər verir ki, nazirlik həm medianı tənqid edib, həm də İranla bağlı əməliyyatların uğurla başa çatdığını bildirib.
Pentaqon nümayəndələri bildiriblər ki, prezident Donald Trampın rəhbərliyi ilə İrana qarşı “tarixin ən uğurlu və gizli hərbi əməliyyatı” həyata keçirilib. Bu əməliyyat sayəsində genişmiqyaslı müharibənin qarşısının alındığı qeyd olunub.
Açıqlamada vurğulanıb ki, ABŞ-ın hücumları İranın nüvə obyektlərinə ciddi zərər verib. İranın Xarici İşlər Nazirliyi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də bu ziyanın mövcudluğunu təsdiqləyib. Etibarlı mənbələr Tehrandakı obyektlərin tamamilə məhv edildiyini və yenidən qurulmalı olduğunu bildirib.
Pentaqon bəzi Amerika media qurumlarını da sərt şəkildə tənqid edib: “Anti-Tramp meyli sizin qanınızdadır. Yarı həqiqətlər və sızdırılmış məlumatlarla ictimaiyyəti çaşdırmağa çalışırsınız. Reallığı əks etdirmək əvəzinə yalanlara üstünlük verirsiniz.”
Nazirlik İranın ABŞ bazalarına hücum planı barədə vaxtında məlumat aldığını və Qətərdə yerləşən əsgərlərin təhlükəsiz bölgəyə köçürüldüyünü də açıqlayıb. Həmçinin, İran hücuma keçdikdə Patriot raket sistemləri vasitəsilə “ABŞ tarixinin ən böyük Patriot hücumu”nun həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, Pentaqon əməliyyatın detalları barədə tam məlumat verməsə də, onun yüksək səviyyədə uğurla icra edildiyini vurğulayıb.