BAKI,AzerVoice
İranın xarici işlər naziri Abbas Ərakçi, Tehran administrasiyasının Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində əməkdaşlığa dair mövqeyini yenidən nəzərdən keçirə biləcəyini bildirib.
AzerVoice xəbər verir ki, nazir bu açıqlamanı İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlar fonunda verib.
ƏraKçi qeyd edib ki, İran 20 ildən artıqdır sülhməramlı nüvə proqramı çərçivəsində şəffaflıq və beynəlxalq hüquqa riayət nümayiş etdirib, lakin NPT-nin bu fəaliyyətləri qorumaqda uğursuz olduğu sübut olunub.
"İran xalqı dinc nüvə texnologiyasına nail olmaq üçün böyük səylər göstərib və bu yolda alimlərimizi itirmişik. Bu səbəbdən heç bir qüvvə bu texnologiyanın əldə olunmasını dayandıra bilməz" – deyə o vurğulayıb.
Nazir, İsrailin 13 iyun tarixində İrana qarşı başladığı hərbi hücuma ABŞ-ın da müdaxilə etməsinin bu ölkələrin təzyiqlərlə Tehranı geri çəkilməyə məcbur etmək cəhdi olduğunu bildirib. Onun sözlərinə görə, İranın üçüncü nəsil raketlərlə verdiyi cavabdan sonra qarşı tərəf geri çəkilməyə məcbur oldu və atəşkəs təklifi irəli sürdü.
Ərakçi qeyd edib ki, ABŞ-ın regiondakı hərbi və kəşfiyyat obyektlərinə qarşı İranın həyata keçirdiyi zərbələr özünümüdafiə xarakteri daşıyıb və qonşu ölkələrin suverenliyinə qarşı yönəlməyib. O, İranın Qətər də daxil olmaqla bölgə ölkələri ilə əlaqələrinin tarixi və sosial təməllərə söykəndiyini bildirib.
Diplomatik missiyası barədə danışan nazir, bu təşəbbüsün məqsədinin İranın təhlükəsizliyini möhkəmləndirmək, təcavüzkarları açıq şəkildə ifşa etmək və beynəlxalq ictimaiyyəti bu cür hücumlara qarşı sərt mövqe tutmağa çağırmaq olduğunu qeyd edib.
Rusiya ilə əlaqələrə toxunan Ərakçi, Moskvanın ABŞ-İsrail hücumlarını açıq şəkildə qınadığını və İranın nüvə məsələsində Rusiyanın mühüm rol oynadığını bildirib.