Əsas səhifə » ABŞ-ın iki ştatında tornado güclü dağıntılara səbəb olub

ABŞ-ın iki ştatında tornado güclü dağıntılara səbəb olub

BAKI, AzerVoice

ABŞ-ın iki ştatında baş verən tornadolar 6 nəfərin həyatına son qoyub.

AzerVoice xəbər verir ki, ABŞ-ın Şimali Dakota və Nyu-York ştatlarında baş verən güclü tornadolar nəticəsində azı 6 nəfər həyatını itirib, əraziyə ciddi ziyan dəyib.

Şimali Dakota ştatının Kass dairəsinin şerifi Jesse Jahner bildirib ki, Enderlin şəhəri yaxınlığında baş verən təbii fəlakət nəticəsində yaşı 70-80 arasında olan 3 nəfər ölüb.

Digər faciəvi hadisə isə Nyu-York ştatının Clark Mills bölgəsində baş verib. Oneida County Şerif Ofisinin yaydığı məlumatda bildirilir ki, burada 6 yaşlı əkiz qardaşlar da daxil olmaqla 3 nəfər həyatını itirib.

ABŞ Milli Hava Xidmətinin rəsmisi Ceykob Spender qeyd edib ki, tornadoların sürəti bəzi bölgələrdə saatda 100 mili (təxminən 160 km/saat) keçib. Güclü küləklər nəticəsində çoxlu sayda ağac kökündən qopub, qatar vaqonları aşıb və bir sıra yaşayış evlərinə ciddi ziyan dəyib.

Qeyd edək ki, yay aylarında ABŞ-ın mərkəzi və şərq bölgələri tornadoların ən çox müşahidə olunduğu ərazilər sırasındadır.

Digər Kateqoriyalar

2025 © Azervoice