BAKI, AzerVoice
İran və İsrail arasında baş verən münaqişə NATO-nun maraqları ilə birbaşa bağlı olmasa da, bu məsələ Haaqada keçiriləcək NATO sammitində müzakirə olunacaq.
AzerVoice-un məlumatına görə, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“İran sammitdə əsas müzakirə mövzularından biri olacaq. Bu, NATO-nun rəsmi gündəminə daxil olmasa da, liderlər bu barədə [ABŞ prezidenti Donald] Tramp ilə danışmaq istəyəcəklər” – deyə, adının açıqlanmasını istəməyən Avropa diplomatı bildirib.
Bəzi ölkələr isə Trampın sammitdə necə davranacağı barədə qeyri-müəyyənliyə görə narahatlıqlarını ifadə ediblər. NATO-nun sabiq yüksək vəzifəli rəsmisi Kamilla Qrand qeyd edib ki, Trampın əslində nə istədiyini anlamaq çətindir. Onun sözlərinə görə, proqnozlaşdırılan və sakit keçən bir sammit üçün “bir səhifəlik yekun bəyanat, bir iş sessiyası və kral qəbulu” nəzərdə tutulur, uzunmüddətli mətbuat konfransları isə olmayacaq.
Qeyd edək ki, NATO sammiti 24–25 iyun tarixləri arasında Haaqa şəhərində keçiriləcək. Sammit çərçivəsində iştirakçı dövlətlərin hərbi xərclərinin ÜDM-in 5 faizinə çatdırılması ilə bağlı yeni hədəf rəsmiləşdiriləcək və bu göstəricinin 2035-ci ilə qədər əldə olunması planlaşdırılır. Eyni zamanda, Ukraynaya silah tədarükü məsələsi də gündəmdə olacaq.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.