BAKI, AzerVoice
Hindistan Pakistanla imzaladığı Hind çayı üzrə su bölgüsü sazişini heç vaxt bərpa etməyəcək və Pakistana gedən suyu ölkə daxilində istifadə üçün yönləndirəcək.
AzerVoice xəbər verir ki, bu barədə Hindistanın daxili işlər naziri Amit Şah "Times of India" qəzetinə verdiyi müsahibədə bildirib.
“Bu saziş bir daha heç vaxt bərpa olunmayacaq. Biz Pakistana gedən suyu nəzarətə götürmüşük və bu suyu kanalla Hindistanın Racastan bölgəsinə yönləndirəcəyik” - deyə, o vurğulayıb.
Qeyd edək ki, əvvəllər Hindistanla Pakistan arasında Hind çayı hövzəsinin su ehtiyatlarının bölüşdürülməsini tənzimləyən 1960-cı il tarixli müqavilə qüvvədə olub. Razılaşmaya əsasən, İslamabad Hind çayına və onun qolları olan Çenab və Cəlum çaylarına nəzarət hüququ əldə edib. Lakin Hindistan həmin çayların sularından ətraf ərazilərin suvarılması və yerli əhalinin ehtiyacları üçün istifadə edə bilər. Nyu-Dehli isə Biyas, Ravi və Satlec çayları üzərində tam nəzarət hüququna malik olub. Həmçinin, bu razılaşma çərçivəsində məlumat mübadiləsi üçün Hind çayı üzrə Daimi Komissiya yaradılıb.