Əsas səhifə » Ərəb Liqası İsrailin İrana hücumlarını pisləyib

Ərəb Liqası İsrailin İrana hücumlarını pisləyib

BAKI, AzerVoice

İrana hücumlar beynəlxalq hüququ pozur, atəşkəs vacibdir.

AzerVoicexəbər verir ki, İsrailin İrana hücumları ilə bağlı İstanbulda toplaşan Ərəb Liqasının Xarici İşlər Nazirləri bu hücumları kəskin şəkildə pisləyib.

Onlar bölgədə artan gərginliyin azaldılması və atəşkəs üçün regional və beynəlxalq səylərin gücləndirilməsinə çağırıblar.

Nazirlər yekun bəyanatda İsrailin İrana hücumlarının BMT üzvü olan dövlətin suverenliyinə açıq təcavüz olduğunu və bunun regional sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığını vurğulayıblar. Atəşkəsin təmin olunması üçün İranın nüvə proqramı ətrafında danışıqların yenidən başlamalı olduğu qeyd edilib.

Bəyanatda həmçinin, beynəlxalq ictimaiyyət, xüsusilə də BMT, İsrailin “beynəlxalq hüququ pozan siyasətinə” qarşı hərəkət etməyə və diplomatik həll yollarını gücləndirməyə çağırılıb. Qəzzada hərbi əməliyyatların dayandırılması, bölgəyə humanitar yardımın çatdırılması və qeyri-qanuni məskunlaşma fəaliyyətlərinin qarşısının alınmasının atəşkəs üçün əsas şərtlər olduğu bildirilib.

Bəyanatda həmçinin, nüvə obyektlərinin hədəf alınmasının qarşısı alınmalı və nüvə sızmalarının yaratdığı humanitar və ekoloji risklərə diqqət çəkilib. Yaxın Şərqin kütləvi qırğın silahlarından azad bölgə elan olunması və bütün ölkələrin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulması vacib sayılıb.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası da iyunun 21-22-də İstanbulda keçirilir. Toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan ev sahibliyi edir və tədbirdə “Dəyişən Dünyada İƏT” mövzusu müzakirə olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice