BAKI, AzerVoice
Norveç səfirinin Tel-Əvivdəki iqamətgahına əl qumbarası atılıb
AzerVoice xəbər verir ki, İsrailin
İrana hücumlarının kölgəsində Norveçin Tel-Əvivdəki səfirinin
iqamətgahına əl qumbarası atılıb.
Hadisə ilə bağlı Norveç Xarici İşlər Nazirliyi açıqlama yayaraq heç
bir işçinin xəsarət almadığını bildirib.
İsrailin xarici işlər naziri Gideon Saar sosial şəbəkə hesabında Norveç səfiri Per Egil Selvaaq ilə telefon danışığı apardığını, hücumu qınadığını və hadisəyə görə narahatlığını ifadə etdiyini bildirib. Saar, İsrail polisinin hücumun təşkilatçılarını tezliklə müəyyənləşdirəcəyinə və məsuliyyətə cəlb edəcəyinə inandığını vurğulayıb.
Qeyd edək ki, Norveç 2024-cü ilin mayında Fələstin dövlətini rəsmən tanıyan ölkələrdən biri olub. Bu qərardan sonra İsrail Xarici İşlər Nazirliyi Norveçin Fələstin məsələlərinə cavabdeh diplomatlarının diplomatik statusunu ləğv edib. Hücumun bu diplomatik gərginlik fonunda baş verməsi xüsusi diqqət çəkir.