BAKI, AzerVoice
İran heç vaxt nüvə silahına malik olmamalıdır.
AzerVoice xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Lammi Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə ABŞ-a rəsmi səfəri zamanı İranın nüvə silahına sahib olmaması üçün qətiyyətli olduqlarını bəyan edib.
“Biz – Böyük Britaniya və ABŞ olaraq – İranın heç vaxt nüvə silahı əldə etməməsində qərarlıyıq” - deyə Lammi X sosial şəbəkəsində paylaşımında bildirib.
Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff ilə görüşdüyünü qeyd edən britaniyalı nazir, görüşlərdə İsrailin İrana hücumları fonunda baş verən son hadisələr və “bir razılaşmanın münaqişənin dərinləşməsinin qarşısını necə ala biləcəyi” məsələsinin müzakirə olunduğunu bildirib.
Lammi, vəziyyətin diplomatik yollarla tənzimlənməsi üçün növbəti iki həftənin kritik olduğunu vurğulayıb.
Nazir, bu çərçivədə Fransa, Almaniya və Aİ rəsmiləri ilə
birlikdə İranın xarici işlər naziri Abbas Ərakçi ilə İsveçrənin
Cenevrə şəhərində görüşəcəyini də açıqlayıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran
ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu
sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri
Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər
Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya
Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək
vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə
əlaqədar fövqəladə iclas keçirməsini istəyib.