BAKI, AzerVoice
İsrail ərazisinə endirilən zərbələr, İran Silahlı Qüvvələri bunu zəruri hesab etdiyi müddətcə davam edəcək.
AzerVoice xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani açıqlama verib.
“Silahlı qüvvələrimiz bu cavab əməliyyatlarını zəruri saydığı müddətcə hücumlar davam edəcək və hökumət silahlı qüvvələrin qərarlarını dəstəkləyəcək. Biz ali rəhbəri və onun qərarlarını dəstəkləyirik” - deyə, açıqlamada bildirilib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.