BAKI,
AzerVoice
İsrailin müdafiə naziri Yisrael Katz İranın cavab hücumlarına davam
edəcəyi təqdirdə Tehranın ağır nəticələrlə üzləşəcəyini bəyan
edib.
AzerVoice xəbər verir ki, bununla yanaşı, İran ABŞ, Böyük Britaniya və Fransanı İsrailə dəstək verməmək barədə xəbərdar edib.
İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, Katz bu bəyanatı Baş Qərargah rəisi Eyal Zamir, Mossad direktoru David Barnea və digər hərbi rəhbərlərlə keçirilən təhlükəsizlik iclasında səsləndirib. “Xamneyi İsrailə raket atmaqda israr etsə, Tehran yanacaq və İsrailin cavab əməliyyatları plana uyğun şəkildə davam edir.” - deyə o qeyd edib.
İsrail ordusu pilotsuz təyyarə və raket batareyaları da daxil olmaqla, İranda yüzlərlə hədəfi vurduğunu iddia edib. Hərbi Hava Qüvvələrinin komandanı Tomer Bar bildirib ki, ilk dəfə olaraq İranın müdafiə infrastrukturuna birbaşa zərbə endirilib və bu, İsrailə hava məkanında manevr üstünlüyü qazandırıb.
Digər tərəfdən, İran rəsmiləri ABŞ, Böyük Britaniya və Fransaya məxsus Yaxın Şərq və Körfəz bölgəsindəki hərbi bazaların və gəmilərin hədəf alınacağını bəyan edərək, açıq xəbərdarlıq yayıblar.
İsrail Müdafiə Qüvvələrinin daha bir açıqlamasında, İranın nüvə proqramında əsas rol oynayan 9 alim və mütəxəssisin hədəf alındığı və həlak olduğu bildirilib. Bildirilib ki, bu şəxslərin aradan qaldırılması İranın kütləvi qırğın silahları sahəsində imkanlarını ciddi şəkildə zəiflədəcək.
Qeyd edək ki, son günlər İsrail və İran arasında artan hərbi qarşıdurmalar regionda genişmiqyaslı münaqişə təhlükəsini daha da artırır.