BAKI, AzerVoice
Hindistanda təyyarə qəzasında ölənlərin sayı 270 nəfərə çatıb.
AzerVoice xəbər verir ki, Hindistanın
Qucarat əyalətinin Əhmədabad şəhərində iyunun 12-də baş verən
aviasiya qəzası nəticəsində həyatını itirənlərin sayı 270-ə
yüksəlib.
Dağıntıların təmizlənməsi davam edir, hadisənin səbəbləri isə
araşdırılır.
Xatırladaq ki, Sərdar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından Londona uçan "Air India 171" reysi havaya qalxdıqdan qısa müddət sonra Meqani Naqar qəsəbəsində qəzaya uğrayıb. Təyyarədə ümumilikdə 242 nəfər – 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
Air India şirkəti qəzanın nəticəsində 241 nəfərin həyatını itirdiyini, yalnız bir nəfərin – Ramesh Viswashkumarın sağ qaldığını bildirib. Hazırda onun vəziyyəti stabil olaraq qiymətləndirilir və yaxın zamanda xəstəxanadan evə buraxılacağı gözlənilir.
Qəzanın baş verdiyi ərazidə dağıntıların altında daha bir nəfərin cəsədinin tapılması ilə ölənlərin sayı 270-ə çatıb. Qəza zamanı təyyarənin rezident həkimlərin qaldığı yataqxana binasına çırpıldığı və bu səbəbdən əlavə itkilərin olduğu qeyd edilir.
Hadisə yerində aparılan axtarış-xilasetmə işləri zamanı təyyarənin qara qutusu tapılıb. Hindistanın Təyyarə Qəzalarının Təhqiqat Bürosu bildirib ki, qara qutudakı məlumatların analizinə başlanılıb.
Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hindistanın Mülki Aviasiya naziri Ram Mohan Naidu hadisənin bütün aspektləri üzrə genişmiqyaslı istintaqın başladığını bəyan edib.