BAKI, AzerVoice
“Ukraynanın NATO ittifaqına daxil olması mövzusu gündəmdə deyil. ”
AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığını “haqlı” adlandırıb və bildirib ki, ABŞ Ukraynanın NATO-ya daxil olmasını dəstəkləmir.
Məlumata görə, Kelloq bu fikirləri Rusiyanın yazılı təhlükəsizlik təminatları tələbinə cavab olaraq bildirib. “Bu, qanuni narahatlıqdır. Biz Ukraynanın NATO-ya daxil olmasının gündəmdə olmadığını açıq şəkildə bildirmişik. Bu fikirdə olan yeganə ölkə də deyilik” - deyə o bildirib.
O əlavə edib ki, Rusiya yalnız Ukrayna ilə kifayətlənmir, eyni zamanda Gürcüstan və Moldovanı da gündəmə gətirir. Kelloq NATO-nun genişlənməsi ilə bağlı yekun qərarın Trampa aid olduğunu vurğulayıb.
Diplomat Türkiyədə keçiriləcək növbəti raund sülh danışıqlarında Ukrayna və Rusiyanın hazırladığı sənədlərin vahid mətn halında birləşdirilməsinə çalışılacağını da qeyd edib.
“Gələn həftə İstanbulda danışacağıq”, – deyən Kelloq, bu görüşlərdə ABŞ, Almaniya, Fransa və Britaniyanın milli təhlükəsizlik müşavirlərinin iştirak edəcəyini bildirib.
O, həmçinin bildirib ki, Tramp Rusiyadan məyusdur və prezident Vladimir Putini Ukrayna şəhərlərinə aviazərbələr endirdiyinə görə tənqid edib.
Rusiya-Ukrayna müharibəsində indiyədək təsdiqlənməmiş məlumatlara görə, hər iki tərəfdən ümumilikdə 1,2 milyon insanın öldüyü və yaralandığı qeyd olunur.