BAKI,AzerVoice Analitik Təhlil Mərkızi
Gülümsəyən və hərbi formada olan gənc iraqlı Məhəmməd İmadın son TikTok videosu ağır texnika izləri ilə dağıdılmış bir sahədə çəkilmişdi. Arxa tərəfdə tüstü qalxırdı. Video ilə yanaşı “Mənə dua edin” sözləri və Rusiya bayrağı yerləşdirilmişdi. Bu, may ayında olub. Ondan sonra aylarla heç bir xəbər gəlmədi Məhəmməd İmaddan. Sadəcə şayiələr dolaşdı: Məhəmməd əsir alınıb, yaralanıb, xəstələnib və ya Ukraynanın pilotsuz uçuş aparatının zərbəsi ilə öldürülüb.
Ukraynada döyüşən bir çox iraqlı kimi Məhəmməd də 24 yaşında ailəsindən gizli şəkildə Rusiyaya yollanıb və orduya yazılıb. O da digərləri kimi pul, Nataşa ilə ailə həyatı və Rusiya pasportu vədlərinə aldanıb. Onun anası, 54 yaşlı Zeynəb Cabbar deyir ki, oğlu ona demədən gedin və bird aha güri qayıtmayıb.
Zeynəb Cabbar Musayibdə, Bağdadın cənubundakı sadə evlərindən birində oğlunun şəklini qucaqlayaraq göz yaşı tökürdü. “Biz iraqlılar çox müharibələr gördük… artıq bəsdir. Bizim Rusiyaya, Ukraynaya nə dəxlimiz var? İki ölkə bir-biri ilə vuruşur”.-deyə o ağlayırdı.
TikTok vasitəsilə cəlb edilirlər
İraqda hər üç gəncdən biri işsiz olduğu, ölkə korrupsiya və idarəetmə problemləri ilə üzləşdiyi üçün, yüzlərlə iraqlını Rusiyada döyüşməyə sosial şəbəkələrdə yayılan cazibədar təkliflər çəkir. Digər tərəfdən də temperamentli İraq gənclərinin qısa donlu, al yanaqlı Nataşalar qarşısında dayanması imkansızdır.
Bütün bunlarla yanaşı, onlara ayda 2 800 dollar maaş – yəni İraq ordusunda qazana biləcəklərinin dörd misli - və 20 000 dollara qədər birdəfəlik ödəniş vəd edilir. Cazibəli paketə həmçinin Rusiya pasportu, sığorta, pensiya və yaralanma halında kompensasiya daxil olduğu deyilir.
Məsələ ilə bağlı araşıdrma aparan AFP kasıb ailələrdən olan dörd iraqlının yaxınları ilə danışıb. Onlardan üçünün taleyi məlum deyil, biri isə ailəsinə meyit torbasında qaytarılıb. Agentlik həmçinin Rusiya ordusuna yazılıb və paralel olaraq sosial şəbəkələrdə başqalarını cəlb edən başqa bir iraqlı ilə də söhbət edib. O, videolarında deyirdi: “Mənə iraqlı əsgər və rus silahı verin, biz dünyanı Qərb müstəmləkəçiliyindən azad edərik”.
TikTok və Telegram-da rus ordusuna yazılmaq üçün kömək təklif edən onlarla hesab var. Bu teleqram kanalları artıq daha da gənc auditoriyanı hədəf götürür. Həmçinin suriyalı, misirli, əlcəzairli və digər ərəb gənclərini də cəlb etməyə çalışırlar. Eyni üsul Mərkəzi Asiya ölkələrindən, Hindistan, Banqladeş, Nepal və hətta Kubadan gənclərin cəlb olunmasında istifadə edilir.
Kanallarda rus dilində öyrənilməli hərbi terminlərin siyahısı da paylaşılır: “sursat bitdi”, “tapşırıq yerinə yetirildi”, “itkilər var”, “kamikadze dron hücumu”. Bir kanal hətta İraqa pul göndərməkdə yardım etdiyini bildirirdi. AFP həmin kanaldakı telefon nömrəsi ilə əlaqə saxlayıb. Cavab verən şəxs deyib ki, yalnız pasportun surəti, ünvan və telefon nömrəsi lazımdır. Sonra viza dəvəti göndəriləcək, bilet pulu isə təmin olunacaq.
Məhəmmədin ailəsi hesab edir ki, onu Rusiyaya getməyə sosial şəbəkələrdəki təbliğat sövq edib. O, həftələrlə TikTok-da videolar paylaşırdı. AFP onun yerləşdiyi yeri videolardan birində müəyyən edib - Oryol vilayəti, Ukrayna sərhədinə yaxın. Ailəsi isə onun Bəsrada işlədiyini düşünürdü.
12 mayda Məhəmməd son selfi videosunu paylaşıb. Ana zəng edib, geri qayıtmasını yalvarıb.
“O dedi ki, cəbhəyə gedir… və məndən dua etməyimi istədi”. Bu, ailənin onunla son danışığı olub.
“ Mən oğlumu istəyirəm… onun ölüb-ölmədiyini bilmək istəyirəm”, – anası deyirdi.
Məhəmmədin bacısı Fatən isə sosial şəbəkələrdə Rusiya ordusuna qoşulan iraqlıları izləyərək ipucu tapmağa çalışır. Bəziləri ona Məhəmmədin sadəcə xəstələndiyini deyib. Amma ən ağır xəbəri Əbbas əl-Munasir adlı bir sosial media istifadəçisi verib.
“Dron gələndə gizləndilər, o isə qalxıb drona atəş açırdı. Sonra partlayış baş Verdi və biz onun parçalaınmış bədənini gördük”-deyə Əbbas əl-Munasir bildirib.
27 yaşlı əl-Munasir TikTok və Telegram-da Rusiya ordusunda xidmət etdiyini göstərir və başqalarına qeydiyyat üçün kömək təklif edir. O, Məhəmməd üçün nümunə olub.
Əl-Munasir AFP-yə bildirib ki, Məhəmməd ona müraciət edib və onun yolu ilə getməkdə israrlı olub.
Əl-Munasir deyir ki, o Rusiyaya əvvəlcə Avropaya keçmək ümidi ilə gəlib. Minlərlə iraqlı kimi. Amma Moskvanın küçələrində orduya qoşulmaq üçün reklam lövhələri görüb və qərarını dəyişib.
“İraqda gələcək yoxdur. Əlimdən gələni etdim, amma heç nə alınmadı”, - deyə o bildirir.
O, 2024-cü ildən Rusiya ordusunda olduğunu və artıq Rusiya pasportu aldığını iddia edir. Deyir ki, hər ay ailəsinə təxminən 2 500 dollar göndərə bilir - bu, bir çox iraqlı üçün əlçatmaz məbləğdir.
Onun Telegram kanalında orduda xidmət etmək istəyənlərdən vizaya dəvət almaq üçün 1 000 dollara qədər tələb edildiyi yazılıb. Əl-Munasir deyir ki, bu pulların çoxu turizm şirkətlərinə gedir. O, xidmətinə görə əlavə pul almadığını iddia edir, amma xəbərdarlıq edir ki, sosial şəbəkələrdəki “vasitəçilər” gəncləri aldadaraq onların qeydiyyat pullarından faiz götürür.
Lakin o da etiraf edir: “Nə qədər pul versələr də, burada ölüm var. Biz İraqda çox müharibə görmüşük, amma bu tamam başqadır. Bu, yüksək texnologiya müharibəsidir. Dron müharibəsi”.
Buna baxmayaraq, peşman deyil və orduda xidmət müddətini daha bir il artırdığını deyir. O, müsəlman çeçen komandirin tabeliyində döyüşdüyünü də bildirir.
Ukraynada Rusiyanın tərəfində minlərlə xarici döyüşçünün olduğu bildirilir. Rəsmi məlumatlara görə, ən böyük qrup Şimali Koreyadan göndərilib. Həmçinin Çindən könüllülərin gəldiyi deyilir. Ukrayna tərəfdən isə təxminən 3 500 xarici döyüşçü var, lakin onlar adi hərbi maaş alırlar.
Rusiya üçün döyüşən iraqlıların sayı dəqiq bilinmir, amma yüzlərlə olduqları dəqiqdir. Ukraynanın Bağdaddakı səfiri İvan Dovxaniç deyib: “Onlar ideya üçün vuruşmurlar. Onlar iş axtarırlar”. Rusiyanın İraqdakı səfirliyi AFP-nin sorğularına cavab verməyib.
İraq hökuməti Ukrayna müharibəsində “neytral” mövqedə qalmağa çalışır və gənclərin Rusiyaya döyüşməyə getməsini bəyənmir. Sentyabr ayında ölkənin cənubunda bir şəxs insan alveri ittihamı ilə ömürlük həbs cəzası alıb - onu “xarici ölkələrə döyüşməyə göndərməkdə” ittiham ediblər. Təhlükəsizlik mənbəyi AFP-yə bildirib ki, həmin şəxs Rusiyaya döyüşçü cəlb edirdi.
Həmin ay İraqın Moskvadakı səfirliyi xaricdəki vətəndaşlara müraciət edərək Rusiyaya döyüşməyə cəlb olunmaq üçün “aldatma və məcburetmə cəhdlərinə” qarşı xəbərdarlıq edib.
İki aydan çoxdur Rusiyada itkin düşən bir iraqlının əmisi ümid edir ki, hökumət insanları aldadanlara qarşı sərt tədbirlər görəcək.
Sentyabrda daha bir itkin iraqlının meyiti vətənə qaytarılıb və gecə, gizli şəkildə dəfn olunub. Bir qohumu bildirib ki, ailə meyitlə birlikdə 10 000 dollardan çox pul alıb və cəmiyyət tərəfindən qınanıb.