Əsas səhifə » ABŞ universitetlərini seçən tələbələr siyasi gərginliyin ortasındadır

ABŞ universitetlərini seçən tələbələr siyasi gərginliyin ortasındadır

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Trampın universitetlərə və tələbə vizalarına yönəlik yeni məhdudiyyətləri dünya üzrə minlərlə tələbənin planlarını alt-üst edib.

AzerVoice xəbər verir ki, ABŞ Dövlət Departamenti tərəfindən tələbə və mübadilə vizaları üçün görüşlərin müvəqqəti dayandırılması xüsusilə beynəlxalq tələbələr arasında narahatlıq yaradıb.

BBC-nin əldə etdiyi rəsmi sənəddə qeyd olunub ki, viza müraciətləri zamanı sosial media fəaliyyətlərinə nəzarət gücləndiriləcək və bu səbəbdən görüşlər müvəqqəti olaraq dondurulacaq. Bu qərar, Tramp administrasiyasının ABŞ-ın aparıcı universitetlərini “həddindən artıq liberal” olmaqda ittiham etdiyi genişmiqyaslı kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir.

ABŞ-ın prestijli universitetlərinə qəbul olunmalarına baxmayaraq, bir çox tələbə artıq peşman olduqlarını bildirirlər.

Tramp administrasiyası antisemitizmə qarşı tədbir görmədiyini əsas gətirərək Harvard Universitetinin beynəlxalq tələbələri qəbul etməsini də hədəfə alıb. Universitet bu qərara qarşı məhkəmə iddiası qaldırıb və müvəqqəti qərarla tələbələrin qalmasına icazə verilib. İş üzrə məhkəmə mayın 29-da keçiriləcək.

Qeyd edək ki, 2023–2024-cü tədris ilində ABŞ-da 210-dan çox ölkədən 1,1 milyondan artıq beynəlxalq tələbə təhsil alıb. Bu tələbələrdən toplanan yüksək ödənişlər universitet büdcələri üçün əsas gəlir mənbələrindən biri olsa da, Tramp administrasiyasının sərt yanaşmaları ABŞ-ın təhsil sahəsindəki cəlbediciliyini ciddi şəkildə zəiflədir.

Digər Kateqoriyalar

2025 © Azervoice