BAKI, AzerVoice
Rusiya, Baltik dənizində saxladığı Yunanıstana məxsus “Green Admire” adlı neft tankerini azad edib.
AzerVoice xəbər verir ki, gəmi hazırda Niderlandın Rotterdam limanına doğru hərəkət edir.
LSEG gəmi izləmə sistemindən əldə edilən məlumata əsasən, Liberiya bayrağı altında üzən “Green Admire” tankeri hazırda Baltik dənizində seyr edir və qeydiyyata alınmış son istiqaməti Rotterdam limanıdır.
Estoniya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, tanker Estoniyanın Silamae limanından yola çıxıb və Rusiya suları üzərindən keçərək beynəlxalq marşrut üzrə hərəkət edirmiş. Lakin həmin ərazidə Rusiya səlahiyyətli orqanları tərəfindən saxlanılıb.
Estoniya Xarici İşlər Nazirliyi, Rusiyanın bu addımının Estoniya hərbi dəniz qüvvələrinin Baltik dənizində Rusiya neftini daşıyan, “kölgə donanması” adlandırılan tankerlərə qarşı apardığı nəzarət əməliyyatlarına cavab olaraq atıldığını ehtimal edir.
Rusiya tərəfindən hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Hadisə Baltik dənizində artan geosiyasi gərginliyi bir daha gündəmə gətirib.