BAKI, AzerVoice
“Qəzzadakı fəlakətdə ABŞ-ın şərikliyi tarixin bağışlamayacağı bir səhvdir.”
AzerVoice xəbər verir ki, ABŞ senatoru
Bernie Sanders Qəzzada baş verən humanitar fəlakətlə bağlı
çıxışında Vaşinqtonun bu vəziyyətdəki rolunu sərt şəkildə tənqid
edib.
O, Senatdakı çıxışı zamanı bildirib ki, İsrailin Qəzzaya yardımın
qarşısını alması “metodik və qəddar şəkildə həyata keçirilən
kütləvi aclıq siyasətidir” və ABŞ bu prosesdə “şərikdir”.
“Qəzzada gördüyümüz bu kabus süni olaraq yaradılıb və bu, dünyanın kollektiv vicdanında silinməz bir ləkə olaraq qalacaq. Tarix bizi bağışlamayacaq. Netanyahuya dəstəyimizi indi dayandırmalıyıq.” - deyyə o bildirib.
Senator həmçinin ABŞ ictimaiyyətində bu mövzuda geniş narahatlıq olduğunu, lakin ölkə paytaxtında və Konqresin dəhlizlərində bu məsələ barədə yetərincə danışılmadığını vurğulayıb.
Keçmiş Prezident Donald Trampın “Qəzzanı Yaxın Şərqin Rivierasına çevirmək” ideyasına istinad edən Sanders, Fələstin xalqı üçün bölgənin yenidən qurulmasını tələb edib.
Digər tərəfdən, ABŞ mərkəzli World Central Kitchen (WCK) qeyri-hökumət təşkilatı bildirib ki, İsrailin tam blokadası səbəbindən Qəzzada gündəlik yemək hazırlamaq üçün lazım olan inqrediyentlər tükənmək üzrədir. Mart ayının əvvəlindən sərhəddə gözləyən yardım yük maşınlarının bölgəyə daxil olmasına icazə verilmədiyi üçün ərzaq paylaması dayandırılıb.
Qeyd edək ki, İsrail mart ayının əvvəlindən humanitar yardımların bölgəyə girişini təhlükəsizlik və talan riski bəhanəsi ilə məhdudlaşdırır.