BAKI, AzerVoice
Hindistanın şimalındakı Uttarakhand əyalətində baş vermiş helikopter qəzası faciə ilə nəticələnib.
AzerVoice xəbər verir ki, qəza zamanı beş nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Hadisə bu gün səhər saatlarında Uttarkashi bölgəsinin Ganganani Kaplıcaları yaxınlığında qeydə alınıb. Gangotri istiqamətində hərəkət edən yeddi nəfərlik xüsusi helikopter qəfildən qəzaya uğrayıb.
Uttarakhand əyalətinin Baş naziri Puşkar Singh Dhami açıqlama verərək, qəzanın səbəblərinin müəyyən olunması üçün araşdırma aparılması barədə göstəriş verdiyini bildirib.
Hazırda hadisə yerində xilasedicilər və istintaq qrupu işləyir. Qəzanın texniki nasazlıq və ya əlverişsiz hava şəraiti səbəbilə baş verməsi ehtimal olunur. Rəsmi orqanlar tərəfindən əlavə məlumatların veriləcəyi gözlənilir.