Əsas səhifə » Türkiyənin sülh təşəbbüslərinə görə minnətdarıq - Şahbaz Şərif

Türkiyənin sülh təşəbbüslərinə görə minnətdarıq - Şahbaz Şərif

BAKI, AzerVoice

“Türkiyənin sülh təşəbbüslərinə görə minnətdarıq.”

AzerVoice xəbər verir ki, Pakistanın baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra sosial media hesabında açıqlama verərək, Ankaranın Pakistana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Baş nazir Şərif paylaşımında, Türkiyənin Cənubi Asiyada sülhün və sabitliyin qorunmasına yönəlik səylərini yüksək qiymətləndirdiyini vurğulayaraq, “Pakistan, Türkiyənin gərginliyi azaltmaq və sülhü qorumaq üçün göstərdiyi səylərə görə minnətdardır”, – deyə bildirib. O, həmçinin son hadisələrdə həyatını itirən pakistanlılar üçün dua edən türk vətəndaşlarına da təşəkkür edib.

Qeyd edək ki, Rəyasət Heyətinin Kommunikasiyalar İdarəsinin verdiyi məlumata görə, liderlər arasında baş tutan telefon danışığında Hindistan-Pakistan münasibətlərindəki son gərginlik, mayın 6-da baş verən hücum və regiondakı hərbi vəziyyət ətraflı müzakirə olunub.

Prezident Ərdoğan telefon danışığında Pakistanın soyuqqanlı siyasətini dəstəklədiklərini bildirib. O, Cammu və Kəşmirdə baş verən terror hadisəsi ilə bağlı beynəlxalq səviyyədə tərəfsiz, şəffaf və etibarlı araşdırma aparılmasının vacibliyini vurğulayıb. Türkiyə Prezidenti bölgədə gərginliyin artmaması üçün diplomatik səylərin davam etdiriləcəyini qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice