BAKI, AzerVoice
İranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında aparılan danışıqların dördüncü mərhələsinin keçirilməsi üçün yeri Oman hökuməti açıqlayacaq.
AzerVoice xəbər verir ki, bu haqda İran Xarici İşlər Naziri Abbas Araqçi bildirib.
Araqçi qeyd edib ki, növbəti danışıqların şənbə günü baş tutması gözlənilir və bütün detalları Oman hökuməti təşkil edir. O, həmçinin Oman hökumətinin yer və digər məlumatları hər iki tərəfə çatdıracağını qeyd edib.
Qeyd edək ki, danışıqların üçüncü mərhələsi Məsqətdə başa çatıb. Həmin görüşlərdə texniki məsləhətləşmələr də aparılıb. Bu məsləhətləşmələrdə İran və ABŞ ekspertləri gələcək razılaşma ilə bağlı detallar üzərində müzakirələr aparıblar.
İranın nümayəndə heyətinə Abbas Araqçi rəhbərlik edib, ABŞ-ın nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib. ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton isə texniki məsləhətləşmələrdə ABŞ ekspertləri ilə iştirak edib. İranın texniki məsləhətləşmələrində Xarici İşlər Nazirinin müavinləri Məcid Taxt-Rəvancı və Kazem Qəribabadi yer alıblar.