BAKI, AzerVoice
ABŞ-dan deportasiya edilən 178 venesuelalı miqrant ölkələrinə geri dönüb
AzerVoice xəbər verir ki, ABŞ-dan deportasiya edilən 178 nəfər venesuelalı miqrant “Conviasa” aviaşirkətinə məxsus təyyarə ilə Maiketiadakı Simon Bolivar beynəlxalq hava limanına gətirilib.
Venesuelanın daxili işlər naziri Diosdado Kabello , gələn şəxslərdən 162-nin kişi, 16-nın isə qadın olduğunu bildirib. O həmçinin deportasiya edilənlər arasında İnterpol tərəfindən “qırmızı bildiriş”lə axtarışda olan bir şəxsin də yer aldığını və həmin şəxsin ölkədə qətlə görə axtarıldığını qeyd edib.
Nazir əlavə edib ki, ABŞ ilə əməkdaşlıq davam etdiyi müddətcə deportasiya prosesləri də davam edəcək: “Bu təyyarələr uçduqca, venesuelalılar harada olursa olsunlar, geri dönəcəklər. Dönüş uçuşlarının xərcləri sadəcə bilet deyil, təyyarələrin texniki baxımı da ciddi resurs tələb edir” - deyə o bildirib.
Qeyd edək ki, Venesuela hökumətinin 2018-ci ildən etibarən ABŞ, Meksika və Honduras kimi ölkələrlə koordinasiyalı şəkildə həyata keçirdiyi “Vətənə Qayıdış Proqramı” çərçivəsində təkcə bu ilin fevralından bəri 2368 nəfər vətəndaş ölkəsinə geri dönüb.