Bakı, AzerVoice
Birləşmiş Millətlər Təşkilatın ekspertləri Trampa Qəzza planı ilə bağlı xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, BMT-nin 30-dan çox müstəqil ekspertdən ibarət qrupu ABŞ prezidenti Donald Trampın Qəzzanı nəzarətə götürmək və özününküləşdirmək hədələrini pisləyərək, belə bir addımın yırtıcı qanunsuzluğun yeni erasına yol açacağını xəbərdar edib.
Bu ekspertlər arasında Ben Saul (terrorizmlə mübarizədə insan hüquqlarının qorunması üzrə xüsusi məruzəçi), Françeska Albanese (İşğal olunmuş Fələstin ərazilərində insan hüquqları üzrə xüsusi məruzəçi) və Georg Katrouqalos (demokratik və ədalətli beynəlxalq düzənin təşviqi üzrə müstəqil ekspert) var.
"Böyük bir gücün belə açıq-aşkar pozuntulara yol verməsi, hərbi təcavüzlə bağlı qlobal tabu anlayışını sarsıdar və digər aqressiv ölkələri xarici əraziləri ələ keçirməyə təşviq edər. Bu isə dünya üzrə sülh və insan haqları üçün fəlakətli nəticələrə səbəb olar", - deyə ekspertlər bildiriblər.
Onlar əlavə ediblər ki, ABŞ-ın bu təklifinin həyata keçirilməsi 1945-ci ildən bəri mövcud olan beynəlxalq qaydalar sistemini və BMT Nizamnaməsinin əsas prinsiplərini tamamilə məhv edər.
"Bu, dünyanı yenidən qaranlıq dövrlərə qaytarar", - deyə ekspertlər qeyd ediblər.
Ekspertlər vurğulayıblar ki, xarici torpaqları zorla işğal etmək və sakinləri məcburi şəkildə köçürmək açıq-aşkar beynəlxalq hüquq pozuntusudur.
Nəzərinizə çatdıraq ki, İsrailin Qəzzadaki hərbi əməliyyatları nəticəsində 48 mindən çox fələstinli həlak olub, 110 min nəfər isə, əsasən qadınlar və uşaqlar, yaralanıb. Hücumlar nəticəsində əhalinin 85 faizi (təxminən 1,9 milyon insan) evsiz qalıb və kifayət qədər ərzaq, su və digər əsas ehtiyaclardan məhrum olub. Bundan əlavə, evlər, kənd təsərrüfatı torpaqları, ictimai infrastruktur ciddi şəkildə dağıdılıb və genişmiqyaslı ekoloji fəlakətə səbəb olub.