BAKI, AzerVoice
Beynəlxalq ictimaiyyət Suriyada atəşkəsi alqışlayır və Dəməşq hökumətinə dəstəyini ifadə edir.
AzerVoice xəbər verir ki, ABŞ-ın
Suriya üzrə xüsusi nümayəndəsi və Ankara səfiri Tom Barak Suveydada
döyüşlərin dayandırılmasından sonra beynəlxalq qüvvələrin Dəməşq
hökumətini dəstəklədiyini bildirib.
Sosial şəbəkə hesabında paylaşım edən Barak tərəflərə çağırış
edərək, silahların yerə qoyulmasını, düşmənçiliklərin dərhal
dayandırılmasını və qisaslardan imtina edilməsini istəyib.
Barak, ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvini "xalq üçün yeni bir fürsət" adlandırıb və beynəlxalq ictimaiyyətin yeni qurulan Suriya hökumətinə dəstək verdiyini bildirib. O, yerli toqquşmaların hökumətin nüfuzunu zəiflətdiyini və bu vəziyyətin məqsədləri təhlükəyə atdığını qeyd edib.
Digər tərəfdən, ABŞ rəsmiləri İsrailin baş naziri Benyamin Netanyahunu bölgədəki aqressiv hərəkətləri səbəbilə tənqid ediblər. Onlar Netanyahunun bu siyasətinin Trampın təşəbbüslərini zəiflədə biləcəyini bildiriblər.
Bununla yanaşı, ABŞ səfiri Tom Barak Suriya Demokratik Qüvvələri (SDQ) lideri Mazlum Abdi ilə də görüş keçirib. Görüşdə SDQ-nin Suriya ordusuna inteqrasiyası və dövlət strukturlarının bərpası istiqamətində konkret addımlar müzakirə olunub.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və Tom Barakla ayrı-ayrılıqda telefon danışığı aparıb. Danışıqlarda Suriyanın cənubundakı vəziyyət və Əmmanda keçirilən diplomatik görüşlər əsas müzakirə mövzularından olub.