BAKI, AzerVoice
Sakarya qaz yatağında birinci mərhələ uğurla tamamlanıb.
AzerVoice xəbər verir ki, Türkiyənin
enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Sakarya qaz
yatağında birinci mərhələnin uğurla başa çatdığını və gündəlik qaz
hasilatının 9,5 milyon kubmetrə çatdığını açıqlayıb.
Bu göstərici 4 milyondan çox abonentin milli enerji ilə təmin
olunması deməkdir.
Nazir Bayraktar sosial media hesabında verdiyi açıqlamada bu nailiyyəti “enerjidə tarixi rekord” adlandırıb.
“Yerin altında ümid, dənizin dibində isə gələcək var idi. İnandıq, çalışdıq, uğur qazandıq! Bu qələbə millətin əzmi və iradəsinin nəticəsidir,” – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Türkiyə uzun illər boyu təbii qazı əsasən xaricdən idxal edib. Amma 2017-ci ildən etibarən yerli təbii qaz axtarış və hasilat fəaliyyətlərinə ciddi şəkildə sürət verilib və enerji asılılığını azaltmaq üçün dənizlərdə – xüsusən Qara dənizdə – aktiv kəşfiyyat işlərinə başlanıb.
Ən önəmli dönüş nöqtəsi isə 2020-ci ilin avqustunda, Prezident Rəcəb Tayyib Ərdoğanın Qara dənizin Sakarya sahəsində 320 milyard kubmetr həcmində təbii qaz ehtiyatının tapıldığını elan etməsi ilə tamamlanıb. Bu, Türkiyə tarixindəki ən böyük təbii qaz kəşfi olub.