Əsas səhifə » Qırmızı bülletenlə axtarılan şübhəlilər saxlanılıb - Yerlikaya

Qırmızı bülletenlə axtarılan şübhəlilər saxlanılıb - Yerlikaya

BAKI, AzerVoice

Qırmızı bülletenlə axtarılan 3 şübhəlidən ikisi Türkiyəyə gətirilib.

AzerVoice xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq çərçivəsində “qırmızı bülleten”lə axtarılan üç cinayətkarın ikisi – A.H. və T.H.C. – xarici ölkələrdə tutularaq Türkiyəyə gətirilib.

Üçüncü şəxs – F.M.-in isə ekstradisiyası prosesi davam edir.

Nazir Ali Yerlikaya sosial media hesabında “Axtardığımız cinayətkarları xaricdə birgə əməliyyatlarla qırmızı bülletenlərlə tutaraq bir-bir ölkəmizə gətirməyə davam edirik” başlıqlı paylaşım edib.

Verilən məlumata görə, A.H. “Qəsdən adam öldürməyə cəhd və azadlıqdan məhrum etmə” cinayətləri üzrə Dubayda tutulub və “Tuna-Bulut” əməliyyatı çərçivəsində ölkəyə ekstradisiya edilib. T.H.C. isə “Qəsdən adam öldürmə, cinayət təşkilatına üzvlük və sənəd saxtalaşdırma” ittihamı ilə İranda saxlanılıb və Türkiyəyə qaytarılıb.

Kolumbiyada saxlanılan F.M.-in “narkotik və stimullaşdırıcı maddələrin qanunsuz dövriyyəsi” və “cinayət təşkilatına üzvlük” kimi ittihamlarla axtarıldığı, lakin onun ekstradisiyası prosesinin davam etdiyi bildirilib.

Qeyd edək ki, Nazir Yerlikaya əməliyyatda iştirak edən Ədliyyə Nazirliyi, İnterpol-Avropol Departamenti, Narkotiklərlə Mübarizə, Kəşfiyyat və Miqrasiya İdarəsi əməkdaşlarına təşəkkür edərək, “Heç bir cinayət cəzasız qalmayacaq” mesajı verib.

Digər Kateqoriyalar

2025 © Azervoice