BAKI, AzerVoice, Nailə Babazadə
Livan hakimiyyəti bildirib ki, bazar günü ölkənin şərqində, Suriya sərhədi yaxınlığında İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində 4 nəfər həlak olub.
AzerVoice xəbər verir ki, AFP-nin məlumatına görə, İsrail tərəfi zərbənin Fələstinin “İslami Cihad” qruplaşmasının üzvlərinə qarşı yönəldiyini açıqlayıb.
2024-cü ilin noyabrında İsrail ilə Hizbullah arasında bir ildən artıq davam edən qarşıdurmanı dayandırmaq məqsədilə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livan ərazisinə mütəmadi zərbələr endirməyə davam edir. Rəsmi Tel-Əviv adətən hücumların İranın dəstəklədiyi Hizbullahı hədəf aldığını bildirir, lakin bəzi hallarda Fələstin qruplaşmalarını, o cümlədən HƏMAS-ı da hədəf seçdiyini qeyd edir.
Bu zərbə, atəşkəsdən sonra İsrailin Livanda “İslami Cihad”a qarşı məsuliyyəti üzərinə götürdüyü ilk hücum kimi qiymətləndirilir. Livanın dövlət xəbər agentliyi İsrail pilotsuz uçuş aparatının Livan-Suriya sərhədində avtomobili hədəf aldığını və nəqliyyat vasitəsində 4 nəfərin cəsədinin aşkarlandığını bildirib. Livanın Səhiyyə Nazirliyi də ölənlərin sayını təsdiqləyib.
İsrail ordusu isə bəyanatında Majdal Ancar bölgəsində “Fələstin İslami Cihad” üzvlərinə zərbə endirildiyini açıqlayıb.
2023-cü ilin oktyabrında Qəzza müharibəsi fonunda İsrail ilə Hizbullah arasında başlayan qarşıdurmalar zamanı “İslami Cihad”ın bəzi üzvləri Livanda həlak olmuşdu. Həmin dövrdə həm bu qruplaşma, həm də HƏMAS Livan ərazisindən İsrailə qarşı hücum və sızma cəhdlərinə görə məsuliyyəti üzərinə götürmüşdü.
AFP-nin Livan Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanan hesablamalarına görə, atəşkəsdən bəri İsrailin zərbələri nəticəsində Livanda 370-dən çox insan həyatını itirib.
2024-cü il razılaşmasına uyğun olaraq, Livan ordusu yanvarda hökumətin Hizbullahın silahsızlaşdırılması planının ilk mərhələsinin, İsrail sərhədi yaxınlığındakı ərazini əhatə edən hissəsinin tamamlandığını elan etmişdi.
Hökumətin qeyri-dövlət silahlı qrupların tərksilah edilməsi istiqamətində atdığı addımlar çərçivəsində ötən il Livandakı bəzi fələstinli qruplaşmalar bir neçə qaçqın düşərgəsində silahlarını rəsmi qurumlara təhvil vermişdi. Lakin HƏMAS və onun müttəfiqi “İslami Cihad” Livanda silahı təhvil vermək planı barədə açıqlama verməyib.