BAKI, AzerVoice, Orxan Qədirzadə
Beynəlxalq Amnistiya Təşkilatının Avropa üzrə direktor müavini Ester Meycor Almaniyanın İsrailə silah ixracına dair məhdudiyyətləri aradan qaldırması qərarına münasibət bildirib.
AzerVoice xəbər verir ki, Meycor “Anadolu” agentliyinə açıqlamasında bu addımı “narahatlıq doğuran” və “beynəlxalq hüquq baxımından problemli” kimi qiymətləndirib.
O qeyd edib ki, qərar beynəlxalq ictimaiyyətin Almaniyaya ünvanladığı çağırışların fonunda qəbul olunub və təşkilat məhdudiyyətlərin ləğvinin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayır. Meycor bildirib ki, bu qərar Almaniyanın beynəlxalq humanitar hüquqla bağlı öhdəlikləri kontekstində qiymətləndirilməlidir.
Direktor müavini həmçinin Genosidin Qarşısının Alınması Konvensiyası və Cenevrə Konvensiyalarının qəbul edilməsinin tarixi mahiyyətinə diqqət çəkərək Almaniyanın bu sazişlər çərçivəsində öhdəlik daşıdığını xatırladıb.
Meycor bəzi Almaniya rəsmilərinin “tarixi məsuliyyət” arqumentinə toxunaraq bildirib ki, ölkənin keçmişi beynəlxalq hüquqa əsaslanan öhdəlikləri aradan qaldırmır və hökumət bu çərçivədə tədbirlər görməlidir.
O qeyd edib ki, Qəzzada humanitar vəziyyətin dəyişmədiyi şəraitdə atəşkəsin tam sabitlik yaratmadığını düşünür və bölgəyə məhdud yardım girişinin problemlərin həlli kimi qəbul edilməməli olduğunu vurğulayır.
Beynəlxalq Amnistiya Təşkilatı Almaniyada Fələstinlə həmrəylik aksiyaları zamanı polis müdaxilələri ilə bağlı narahatlıq ifadə edərək söz və toplaşmaq azadlığının təmin edilməsinin vacibliyini qeyd edib.
Təşkilat həmçinin Avropa İttifaqını İsraillə Assosiasiya Sazişinin icrasının dayandırılması imkanını nəzərdən keçirməyə çağırıb. Meycor bildirib ki, Aİ-nin üzv ölkələri mümkün hüquq pozuntuları ilə bağlı koordinasiyalı qərarlar qəbul etməlidir.